Dövlət Uşaq Filarmoniyası 1 iyun uşaqların bayramını təbrik etdi
Cəmiyyətin inkişafının əsasını uşaqlar təşkil edir. Hər zaman qayğıya, şəfqətə ehtiyac duyan uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlıca məsuliyyətlərindəndir. Hər il ölkəmizdə 1 iyun uşaqların beynəlxalq müdafiə günü kimi qeyd olunur. Azərbaycan Dövlət Uşaq Filarmoniyası da bu günü xüsusilə qeyd edir. Çünki Uşaq Filarmoniyasının hər otağında gələcəyə savadlı, istedadlı, ağıllı addımlayan yüzlərlə uşaq fəaliyyət göstərir. Kollektivimiz bu dəfə konsert proqramını digərlərindən fərqli qeyd etdi. Belə ki, İçərişəhərdə, Qoşa Qala qapısı meydanında keçirilən bu tədbirdə sanki balaca balalarımız xoşbəxt gülüş səslərini dünyaya çatdırmaq istəyirdilər. Qeyd edək ki, bu konsert M.Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbi ilə birgə təşkil olunmuşdu. Tədbirdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs kollektivləri, “Şəms” uşaq xoru, “Musiqili Uşaq Teatrı” iştirak etdi. Rəqs kollektivlərinin ifasında müxtəlif ölkələrin, eləcə də Azərbaycan xalq rəqsləri ifa olundu. Hər bir çıxış tədbir iştirakçılarının arasıkəsilməz alqış sədaları ilə tamamlandı.