Tarİx və haqqında
Azərbaycan Dövlət Uşaq Filarmoniyası
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 1991-ci il tarixli 291 saylı qərarı ilə yaradılmışdır. Mədəniyyət Nazirliyinin 18 oktyabr 1991-ci il tarixli 361 saylı əmrilə rəsmiləşdirilmişdir. Filarmoniya Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Filarmoniya yerli mədəniyyət orqanları, musiqi məktəbləri, yaradıcılıq ittifaqları və başqa ictimai təşkilatlara sıx əlaqədə fəaliyyət göstərir.
Filarmoniya uşaqların bədii-estetik inkişafında, istedadın üzə çıxmasında, onların formalaşması ilə əlaqədar daim sistemli iş aparır. Azərbaycanın mədəniyyətini,xalq rəqslərini,mahnılarını,muğamın incəliklərini itirməmək və bəstəkarlarımızın,şairlərimizin əsərlərini gənc nəsilllər tərəfindən qoruyub,saxlamaq Filarmoniyanın əsas məqsədidir.Uşaq konsert təşkilatı olaraq geniş konsert və maarifçilik fəaliyyəti aparılır,uşaq auditoriyasını milli mənəvi sərvətlərə yaxınlaşdıraraq uşaqların arasından istedadlar aşkar edilir.
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına 2012-ci ildən bu günə qədər Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Dilarə Əliyeva rəhbərlik edir.
- Dilarə Asif qızı Əliyeva 1954-cü ildə Bakı şəhərində anadan olub. 1969-1972-ci illərdə Asəf Zeynallı adına Musiqi kollecində fortepiano şöbəsində təhsil almışdır. 1975-1979-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasını iki fakültə - xor dirijorluq və orqan üzrə bitirmişdir. Təhsil aldığı illərdən çalışmağa başlayan Dilarə Əliyeva ilk pedaqoji fəaliyyətinə 1973-cü ildən başlamışdır. 1980-1994-cü illərdə Lenin adına Azərbaycan Pedaqoji universitetində, 1994-2012-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fəaliyyət göstərmişdir. Orada fəaliyyət göstərdiyi illərdə ən böyük uğurlarından biri olan Uşaq Xor Kapellasının əsasını qoyur. 1997-ci ildə Bülbül adına orta ixtisas məktəbində Dilarə Əliyevanın rəhbərliyi altında “Qız qalası” xoru yaranır. 2000-ci ildən isə bu kollektiv Müslüm Maqomayev adına Dövlət Xor Kapellası nəzdində Uşaq Xor Kapellası adlandırılmağa başlayır. Uşaq Xor Kapellası yarandığı gündən önəmli uğurlara imza atmışdır. Bir çox dövlət tədbirlərində iştirak etmiş, Azərbaycanın adını digər ölkələrdə layiqincə təmsil etmişdir. 2012-ci ildən isə Uşaq Xor Kapellası Dövlət Uşaq Filarmoniyasının tərkibində fəaliyət göstərir.
İl ərzində Uşaq Filarmoniyasında 4 yaşından 18 yaşınadək 500-dən artıq uşaq fəaliyyət göstərir. Uşaqlarla Respublikanın tanınmış sənətkarları, xalq artistləri, incəsənət xadimləri tədris aparırlar. İstedadlı uşaqlar Beynəlxalq, Respublika festival və müsabiqələrində iştirak edib, laureat adlarını qazanıblar. Dünyanın müxtəlif ölkələrinin, habelə, Fransa, Şotlandiya, İngiltərə, Avstriya, Türkiyə, Rusiya, Latviya, Moldova, Qırğızıstan, Qazaxıstan, Gürcüstan kimi dövlətlərin möhtəşəm konsert salonlarında öz məharətlərini yüksək səviyyədə göstəriblər. Eyni zamanda Dövlət tədbirlərinin daimi iştirakçısıdırlar. Belə ki, Bakı 2015 Birinci Avropa Oyunlarında, 2016ci il Formula 1 Azərbaycan Qran prisinin açılış mərasimi, 2107-ci ildə İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində Filarmoniyanın xor kollektivi iştirak etmişdir.
Yüzlərlə uşaq özlərinə sənət seçib,teatr, konsert və musiqi təşkilatlarında çalışır, bir çoxları Musiqi Akademiyasının, Milli Konservatoriyanın, İncəsənət Akademiyasının tələbəsidirlər. Bu gün böyük səhnələrdə çalışan bir çox incəsənət nümayəndələri Dövlət Uşaq Filarmoniyasının yetirmələridir:
Xalq artistlərindən - Rüfət Xəlilov, Zabit Nəbizadə, Aygün Bəylər
Əməkdar artistlərdən - Əliağa Sadıyev, Ramil Qasımov, Səlim Abbasov, Əkbər Ələkbərov, Bəyimxanım Vəliyeva
İfaçılardan - Gülay Zeynalova, Samirə Əliyeva, Ələkbər Əkbərov, Zabıtə Alıyeva.
Azərbaycan Respublikası Prezidentinin imzaladığı Mədəniyyət haqqında Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini əsas tutaraq Filarmoniya Mədəniyyət sahəsində gənc istedadların axtarışı,inkişafı prinsipini daima davam etdirir.