“Şuşa, biz gəldik” adlı Yubiley konserti
Azərbaycan Dövlət Uşaq Filarmoniyası 30 illiyi münasibətilə təntənəli yubiley konserti keçirdi.
25 may 2022-ci il tarixində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının zalında gerçəkləşən təntənəli konsert proqramı ilə Uşaq Filarmoniyasının 30 illik yubiley konserti qeyd olundu.
Əvvəlcə cənab nazir Anar Kərimov və qonaqlar üçün filarmoniyanın girişində “Bacarıqlı əllər” rəsm dərnəyinin istedadlı gənclərinin əl işlərindən ibarət sərgi nümayiş olundu. Həmçinin uşaq filarmoniyasının nəzdində fəaliyyət göstərən uşaq xalq çalğı alətləri ansamblı və ansamblın solistləri qonaqlara ruhumuzun qidası olan muğam və xalq mahnılarımızdan parçalar ifa etdilər.
Yubiley konsertində Azərbaycan Respublikası Mədəniyyət Naziri Anar Kərimov, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Əməkdar İncəsənət Xadimi, Azərbaycan Milli Konservatoriyasının professoru Lalə Hüseynova, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyyətinin sədri Fərid Şəfiyev, Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru Sərdar Fərəcov və digər rəsmi nümayəndələr, incəsənət xadimləri iştirak ediblər.
Proqramın bədii hissəsində mədəniyyət naziri Anar Kərimov çıxış edərək Uşaq Filarmoniyasının bu illər ərzində keçdiyi yola nəzər saldı. O, çıxışında mədəniyyətin önəmindən, bu istiqamətdə xüsusi rolu olan mədəniyyət ocaqlarının rolundan bəhs etdi. Bu sırada olan Dövlət Uşaq Filarmoniyasının əməyini, gördüyü vacib işləri də xüsusi vurğuladı. Çıxışının sonunda Uşaq Filarmoniyasının bütün kollektivini, başda Dilarə Əliyeva olmaqla 30 illik yubiley və qarşıdan gələn 28 may – Müstəqillik günü münasibətiylə təbrik etdi.
Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar İncəsənət Xadimi Dilarə Əliyeva qonaqları salamlayaraq bu ilin önəmini xüsusiylə qeyd etdi. Dilarə Əliyeva yubiley konsertinin adının da təsadüfi deyil, məhz Şuşa ili ilə əlaqədar olaraq seçildiyini vurğuladı: “Bu ilin qazanılması məhz şəhidlərimizin və Cənab Ali Baş Komandanımız İlham Əliyevin sayəsində baş tutmuşdur. Mən bütün şəhidlərimizin qarşısında baş əyirəm”.
Daha sonra filarmoniyanın mədəni həyatında xüsusi rolu olan, öz işlərini layiqincə yerinə yetirən müəllimlər, bədii heyyət cənab nazir Anar Kərimov tərəfindən - Cahangir Zülfüqarov Oqtay oğlu (bədii rəhbər), Nigar Zeynalova Nazim qızı (uşaq foklor mahnı və rəqs ansamblının bədii rəhbəri), Qönçə Mehdiyeva Pəhlivan qızı (uşaq xalq çalğı alətləri ansamblının bədii rəhbəri), Mətanət Məmmədova Dəyanət qızı (vokal sinfi üzrə konsertmeyster), Leyla Muradzadə Rauf qızı (xormeyster), Leyla Aslanova Hacıağa qızı (vokal üzrə repititor), Elmira Hümbətova Namiq qızı (ansambl artisti0, Aysel Mehdizadə Ramiz qızı (uşaq xor kollektivlərinin bədii rəhbəri) – fəxri fərmanla təltif olundular.
Proqram rəqs kollektivinin ifasında “Şən Azərbaycan” (P.Bülbüloğlu) mahnısı ilə başladı. Daha sonra bir-birinin ardınca kollektivin ifasında səslənən rəqslər tamaşaçıları sanki dünyanın bir çox ölkələrinə səyahətə apardı. Teatrın sehrli aləmi ilə qidalanan, musiqi alətlərimizin, muğamlarımızın ahəngini duyan balacalarımız səhnədə öz bacarıqlarını göstərdilər. Yubiley konsertinin məsuliyyəti, həyəcanı, sevinci hər birinin gözlərindən görünürdü. Proqramda ümumilikdə demək olar ki, filarmoniyada fəaliyyət göstərən bütün dərnəklər – rəqs kollektivləri, teat, rəsm, vokal, xor dərnəkləri, uşaq xalq çalğı alətləri ansamblı – çıxış etdi.
Sonda təntənəli fianl rəqsi ilə bütün iştirakçılar səhnəyə çıxaraq dalğalanan Azərbaycan Bayrağının müaşayiəti ilə ifalarını sona çatdırdılar.
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının yubiley konserti tamaşaçıların yaddaşında xoş təəssüratlarla həkk olunaraq gurultulu alqış sədaları altında başa çatdı.