Sədəf” Xalq Çalğı Alətləri Ansamblının konserti
15 mart 2023-cü il tarixində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Sədəf” Xalq Çalğı Alətləri Ansamblı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı ilə çıxış edib. Milli-mənəvi dəyərlərimizin qorunması hər zaman dövlətimizin əsas məqsədlərindən biri olub. Onlardan muğam və xalq mahnıları Ulu Öndər Heydər Əliyevin hər zaman diqqətində olub. Milli-mənəvi dəyərlərin yaşadılması, onun təbliğ olunmasında genişmiqyaslı fəaliyyəti ilə seçilən Heydər Əliyev Fondu da ötən illər ərzində bu sahədə böyük uğurlara imza atıb. Fondun prezidenti, İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tarixi-dini, mədəni abidələrin qorunması və bərpasını daim diqqət mərkəzində saxlayır. Dövlət Uşaq Filarmoniyasının “Sədəf” xalq çalğı alətləri ansamblı da öz növbəsində repertuarında xalq mahnı və rəqslərimizə, muğamlarımıza xüsusi önəm verir. Milli-mənəvi dəyərlərimizin yaşaması, gənc nəsillərə aşılanması “Sədəf” xalq çalğı alətləri ansamblının önəm verdiyi məsələlərdən birincisidir. 15 mart 2023-cü il Azərbaycan Dövlət Uşaq Filarmoniyasında baş tutmuş konsert proqramı da zəngin və rəngarəng repertuarı ilə seçilib. Proqramda xalq mahnıları və rəqsləri, tanınmış bəstəkar mahnıları, muğam və təsniflər ifa olunub. Konsertin əvvəlində 44 günlük Vətən müharibəsində şəhid olmuş Toğrul Hacıyevin və bütün şəhid qardaşlarımızın ruhları bir dəqiqəlik sükutla yad edilib. Qeyd edək ki, vətənimizin igid oğlu Toğrul Hacıyev “Sədəf” xalq çalğı alətləri ansambılının üzvi olub. Sonda solistlər musiqisi Ramiz Mirişli sözləri isə Fikrət Qocaya məxsus olan “Bayram axşamlarında” mahnısı ilə tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib.