Azərbaycan Dövlət Uşaq Filarmoniyasının əsaslı təmir və yenidənqurma işlərindən sonra açılış mərasimi
21 may Azərbaycan Dövlət Uşaq Filarmoniyasının əsaslı təmir və yenidənqurma işlərindən sonra açılış tədbiri keçirildi. Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, nazirliyin əməkdaşları, paytaxtın musiqi təhsili müəssisələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Filarmoniyada təhsil alan balacaların teatrlaşdırılmış səhnəciklərindən sonra nazir Əbülfəz Qarayev binada yaradılan şəraitlə tanış olub. 1991-ci ildən mədəniyyət sahəsində fəaliyyət göstərən Dövlət Uşaq Filarmoniyasında Uşaq xor kapellası, “Şəms” uşaq xoru, musiqili uşaq teatrı, rəqs kollektivi, “Bacarıqlı əllər” rəsm dərnəyi, Uşaq-Gənclər xalq çalğı alətləri orkestri, “Sədəf” xalq çalğı alətləri ansamblı, vokal sinfi üzrə 500-ə yaxın şagird təhsil alır. Məktəbin şagirdləri daim şəhər, respublika və beynəlxalq səviyyəli tədbirlərdə uğurla iştirak edir, yüksək nailiyyətlər qazanırlar. Daha sonra şagirdlərin ifasında konsert proqramı təqdim olunub. Proqramda uşaqlar tərəfindən təqdim olunan rəqs, teatr səhnəcikləri, vokal və muğam nömrələri böyük alqışlarla qarşılandı. Sonda isə nazir Dövlət Uşaq Filarmoniyasının rəhbərliyi və kollektivini, şagirdləri, valideyinləri açılış münasibətiylə təbrik edib. Cənab nazir öz çıxışında Dövlət Uşaq Filarmoniyasının uğurlarıdan söz açıb və bundan sonra fəaliyyətində şübhəsiz uğurlar əldə edəcəyini vurğulayıb. Həmçinin nazir fürsətdən istifadə edərək belə şəraitin gerçəkləşməsində təşəbbüs və dəstəyə görə möhtərəm prezidentə təşəkkürünü bildirib.