Uşaqların Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı
1 iyun 2017-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 1 iyun uşaqların müdafiəsi gününə həsr olunmuş konsert tədbiri keçirildi. Tədbirin əsas iştirakçısı bədii rəhbər və dirijor Ağaverdi Paşayevin rəhbərliyi altında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının uşaq-gənclər xalq çalğı alətləri orkestri oldu. Çıxış üçün ön söz musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının dosenti Elmira Pənahovaya verildi. Elmira Pənahova çıxışında uşaqların gələcəyimizdə rolundan, onların təhsili və tərbiyəsinin önəmindən söz açdı. Həmçinin Azərbaycan Dövlət Uşaq Filarmoniyasının yaranma tarixindən, uşaqların həyatında olan rolundan, bu günümüzə qədər olan fəaliyyətindən danışdı. Uşaq-gənclər xalq çalğı alətləri orkestrı da məhz Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərir. 2004-cü ildə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Artıq uzun illərdir ki, fəaliyyət göstərən bu orkestr ölkəmizi layiqli təmsil edən istedadlı ifaçılar yetişdirmişdir. Bu konsert proqramı da məhz orkestrın parlaq repertuarı ilə seçildi. Belə ki, orkestr təkcə Azərbaycan bəstəkar yaradıcılığı deyil avropa bəstəkarlarına da müraciət etmişdir. Konsertin bədii hissəsi Üzeyir Hacıbəylinin “Koroğlu” operasından olan Üvertura ilə başladı. Əsərin solisti isə Mustafa Kamal Eyyubov oldu. Daha sonra bir-birinin ardınca Səid Rüstəmovun “Haralısan” (solist: Rəvan İsmayılov), “Şeir deyilmi?!” (solist: Ayxan Bünyadzadə), “Alagöz” (solist: Şahmurad Muradoğlu), “Qurban adına” (skripka üçün işləyən və solist: Elçin Bayramov), “Bayatı-kürd fantaziyası” (solistlər: Fuad Həsənov, Nəzrin Cəfərzadə, Mansur Mansurov və Solmaz Rəhimova), “Oxu gözəl” (solist: Atlas Mehdiyeva), “Səhər nəğməsi” (solist: Lalə İbrahimova), “Üç sayılı süita”, Əşrəf Abbasovun “Gənclik rəqsi”, Nazim Əliverdibəyov “Elegiya” (solist: Zakir Allahverdili), Süleyman Ələsgərov “Daimi hərəkət” (solist: Atabəy Hüseynzadə), Vittorio Monti “Czardas” (skripka üçün işləyən və solist: Elçin Bayramov) ifaları səsləndi. Sonda isə konsert dahi bəstəkarımız Üzeyir Hacıbəylinin əsəri ilə də tamamlandı. Orkestr bəstəkarın “Birinci Fantaziya”sını (solist: Mirəli Əlizadə) ifa etdi. Bununla da konsert proqramı başa çatdı.