azərsu Konsertİ
Daun sindromu 1866-cı ildən məlumdur. İngilis həkimi Lanqdan Daun bu xəstəliyi bir qız uşağında müşahidə edib və onu "monqolizm" adlandırıb. Əslində bu sindromlu insanlar əlamətlərinə əsasən monqoloid irqinə mənsub şəxslərə bənzəyirlər. "Monqolizm" adı da bu səbəbdən işlədilib. Ancaq asiyalı alimlərin xəstəliyin "monqolizm" adlandırılmasına sərt reaksiyasından sonra bu xəstəlik onu kəşf edən alimin şərəfinə "Daun sindromu" adını alıb. Daun xəstəliyi (və ya sindromu) xromosom saylarında olan patoloji dəyişikliklər nəticəsində əmələ gələn xəstəliklərdən ən çox təsadüf edilənlərdən biridir. Belə xəstələrdə xromosom dəstinin sayı 46 deyil, 47 olur (artıq olan 1 qeyri-cinsi xromosomdur). Bu xromosom dəsti ilə doğulanların psixiki inkişafı kəskin dərəcədə zəif olur. Doğulan uşaqlarda bu xəstəliyin olmasının bir çox əlamətləri olur: nəzərəçarpan əzələ zəifliyi, çəpgözlülük, yastısifətlilik, ağızın yarımaçıq vəziyyətdə olması, uşağın bir qədər böyümüş dilini tez-tez bayıra çıxarması və içəri çəkməsi, əllərində dərin köndələn büküşün olması və s. Daun sindromlu uşaqların oturması, gəzməsi, danışması daha gec bir zamanda baş verir. Bir çox hallarda belə uşaqlarda anadangəlmə ürək, böyrək qüsurları, immunitetin zəif olması və s. hallar da təsadüf edilir. Bu uşaqların hamısı zehni inkişafdan da geri qalırlar. Ağır patologiyalı uşaqlar az yaşlarında vəfat edirlər. Ağır patologiyaları olmayan Daun sindromlu uşaqlar isə daha çox (adi adamlar yaşadığı qədər) ömür sürə bilirlər. Yaşa dolduqca belə uşaqlar bu sindromlu digər uşaqlarla müqayisədə bir birinə daha çox oxşayırlar (yastı sifət, çəpləşmiş dar gözlər). Psixiki inkişafda ləngimələri səbəbindən onlar oxumaqda çətinlik çəkir, əksər hallarda isə zehni çatışmazlığı olan uşaqlar üçün təşkil olunan xüsusi məktəblərdə təhsil almalı olurlar. Müəyyən vaxt keçdikdən sonra onların zehni inkişafda ləngimələri davam etsə də, belə uşaqlar özlərinə xidmət üzrə sadə vərdişləri müvəffəqiyyətlə mənimsəyə bilirlər . Səhiyyə Nazirliyi Azərbaycanda Daun sindromu ilə doğulan uşaqların sayının 336 nəfər olduğunu açıqlayır. Onların 13 yaşadək olanları 296, 14-17 yaş arasında 21, 18-29 yaş qrupunda 11, 30 və daha yuxarı yaş qrupunda 8 nəfərdir. Sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi və cəmiyyətə inteqrasiyası mühüm və vacib məsələlərdən biridir. Bu baxımdan dünyada və eləcə də ölkəmizdə bununla bağlı bir sıra işlər görülür. 21 mart Beynəlxalq Daun Sindromu Günüdür. Beynəlxalq Daun Sindromu Günü 2006-cı ildən Daun Sindromlu Şəxslərin Ümumdünya Assosiasiyasının təşəbbüsü ilə qeyd olunur. Həmin gün Daun sindromlu insanların cəmiyyətə inteqrasiyası üçün müxtəlif ölkələrdə aksiyalar təşkil olunur. Təqdirə layiq tədbirlərdən biri də Azərbaycan Dövlət Uşaq Filarmoniyasında baş tutan və məhz bu uşaqların da hazırladıqları rəqs və səhnəciklərin yer aldığı konsert idi. Hər nə qədər onlar digər uşaqlardan fərqli olsalar da heç də musiqi duyumları digər uşaqlarınkından geri deyil. Eyni zamanda hazırlanan səhnəciklərdə göstərdikləri həvəs və səy də buna sübut idi. Daun sindromlu uşaqlar tamaşaçılara Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından bir çox səhnələri təqdim etdilər. Bunlardan “Vəli ilə Tellinin dueti”, “Qızların xoru” və.s. kimi səhnələri misal göstərmək olar. Onlar səhnəciklərdə oxumadan, rəqsin diliylə öz fikirlərini çatdırırdılar. Həmçinin nəinki yalnız “Arşın mal alan” “Buratino”nun da müəyyən səhnələrini çox böyük həvəs və zövqlə hazırlamışdılar. Sonda onu qeyd etmək lazımdır ki, uşağınızın fiziki görünüşü digər uşaqlardan bir az fərqli ola bilər, bir sıra sağlamlıq problemləri ola bilər. Lakin unutmayın ki, bəzi uşaqların sarı saçlı, bəzilərinin mavi gözlü olması kimi sizin uşağınızın da daun sindromlu olması bir genetik fərqlilikdir.