Rəsm sərgisi. Jurnal təqdimatı.
Türk xalqlarının və ümumən türk dünyasının ortaq dəyərləri hər bir türk xalqı üçün doğmadır. Orta Asiyada qələmə alınan Mahmud Kaşğarinin «Divanü lüğat-it türk”– ü Azərbaycan türkcəsi, Azərbaycan ədəbiyyatı üçün nə qədər dəyərlidirsə, Azərbaycan coğrafiyasında formalaşan Dədə Qorqud oğuznaməsi də bütün türk xalqları üçün o qədər əziz və doğmadır. Və bu gün özbək, türkmən, tatar, qırğız, qazax, Azərbaycan türklərinin ortaq dəyərləri deyərkən ortaq mifologiya, dastan ədəbiyyatı, folklor, ortaq yazılı abidələri əhatə edən sözdə, dində reallaşan mədəniyyət sisteminin bütövlüyü nəzərdə tutulur. Azərbaycan mədəniyyətinin ulu qaynağı olan «Kitabi Dədə Qorqud» təkcə öz yarandığı çağda deyil, eyni zamanda müasir dövrümüzdə də milli mənəviyyatımızın, ədəbiyyat və incəsənətimizin ideya bünövrəsi olaraq qalır. Azərbaycan tarixinin bütün milli-mənəvi dəyərlərini özündə cəmləşdirən bu ulu abidə elə bir enerji mənbəyidir ki, çağdaş milli mənəviyyat və mədəniyyət tariximizi onsuz təsəvvür etmək mümkün deyil. Türkiyənin təbiətinə görə gözəl vilayətlərindən biri olan Bayburt dünya türkləri üçün mühüm əhəmiyyətə malik məkan kimi diqqəti cəlb edir. Bunun səbəbi odur ki, bu gözəl diyardakı bir çox yerlər xüsusilə şifahi xalq yaradıcılığının möhtəşəm səhifələrindən biri olan və oğuz türklərinin tarixi yaşantılarını, adət-ənənələrini özündə əks etdirən “Kitabi-Dədə Qorqud” dastanındakı adlarla uyğunluq təşkil edir. Bəzi tarixçilər isə əsaslandırdıqları elmi faktları ortaya qoyaraq qeyd edirlər ki, oğuzların mənəvi atası Dədə Qorqudun qəbri də məhz buradadır. Hazırda Bayburtdan təxminən 40 kilometr məsafədə yerləşən Masat kəndində Dədə Qorqudun tarixi türbəsi ucalır. Uzun illərdir, yerli əhali bu türbəni göz bəbəyi kimi qorumuş, dağıntılara məruz qalmasına imkan verməmişdir. Onu da deyək ki, bəzi tarixçilər Masat kəndinin adını dastandakı Basat adı ilə eyniləşdirirlər. Yəni türk dünyasının incisi olan bu vilayət, həm də Türkiyə və Azərbaycanın ortaq tarixini, xalqlarımızın birgə keçmişini özündə əks etdirən nadir yerlərdən biridir. Anadolunun şimal-qərbində, Çoruh çayının aşağı vadisində, dəniz səviyyəsindən 155 metr yüksəklikdə, yaşıllıqlarla örtülü mənzərəli bir məkanda yerləşən Bayburtun ortasından keçən nəhəng Çoruh çayı onu iki yerə bölür. Çayın kənarlarında muncuq kimi düzülən gözəl binalar isə Bayburtun gözəlliyinə gözəllik qatır. Artıq ənənə halını alan Beynəlxalq Dədə Qorqud mədəniyyət və sənət festivalının 2013-cü ildə XIX –su keçirildi. Təbiidir ki, bu festivalın Bayburtda keçirilməsi də məqsədə uyğundur. Tədbirdə iştirak etmək üçün bəzi Balkan ölkələri , o cümlədən Azərbaycan da dəvət olunmuşdu. Ümumilikdə festival 1 həftə boyunca davam etdi. Müxtəlif ölkələrdən gələn rəqs kollektivləri Bayburt şəhərinin mərkəzində keçirilən təntənəli yürüşdə milli geyimləri ilə öz ölkələrini təmsil edirdilər. Bu bir həftə ərzində şəhərin müxtəlif görməli yerlərinə ekskursiyalar da təşkil olnumuşdur. Festival çərçivəsində bir sıra silsilə tədbirlər baş tutdu. Bu tədbirlərdə Türkiyənin İzmir, İstanbul , Gümüşhane şəhərlərdən, həmçinin Gürcüstandan, Qazaxıstandan, Makedoniyadan gələn rəqs qrupu özlərinin rəqslərindən ibarət konsert proqramı ilə çıxışlar edirdilər. Festivalın sonuncu günü Azərbaycana həsr olunmuşdu. Həmin gün Azərbaycan Dövlət Uşaq Filarmoniyasının yeniyetmələrindən ibarət rəqs qrupu yaddaqalan rəqs parçalarını təqdim etmişdir. “Dəsmallı”, “Türk”, “Çaparlar”, “Laqquti” kimi rəqslər təqdim olundu. Tədbirin sonuda bütün içtirakçılar “Təşəkkürnamə” ilə təltif olunmuşdur.