Yenİ gün verlİşİ.
“Yeni Gün” Səhər Proqramı - Azərbaycan Dövlət Uşaq Filarmoniyası 17 Oktyabr 2015-ci il tarixində Azərbaycan Dövlət Uşaq Filarmoniyası rəhbərliyi və kollektivləri birgə İctimai Televiziyanın “Yeni Gün” adlı səhər proqramına dəvət olunmuşdu. Proqram elə balaca qızların ifasında təqdim olunan “Brilliant” rəqsiylə açıldı. Oynaq melodiyasıyla xoş əhval-ruhiyyə yaradan bu rəqs balacaların ahəngdar hərəkətləriylə harmoniya təşkil edirdi. Daha sonra Uşaq Xor Kapellasının ifasında Cahangir Zülfüqarovun “İşıqlı Dünya” mahnısı səsləndi. Aparıcı ifadan əvvəl Uşaq Xor Kapellasının “Bakı 2015” Avropa oyunlarının təntənəli bağlanış mərasimində müvəffəqiyyətlə iştirakından da danışdı. İfadan sonra mahnının sözlərinin də filarmoniyada teatr kollektiviylə birgə çalışan aktyor, rejissor Elşad Rəhimzadəyə məxsus olduğunu qeyd etdi. Proqramın sonrakı dəqiqələrində rəqs kollektivinin ifasında rus xalq mahnısı olan “Kadril”in sədaları altında elə eyniadlı rəqs təqdim olundu. Bu rəqsin ifası zamanı artıq stüdiyada Uşaq Filarmoniyasından olan qonaqlar əyləşmişdi. Eyni zamanda da stüdiyanın digər bir tərəfində Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən “Bacarıqlı Əllər Rəsm dərnəyi”nin tələbələri olan balaca rəssamlar öz əl işləriylə məşğul idilər. “Kadril” rəqsinin ifasından sonra aparıcı ilk olaraq Uşaq Filarmoniyasının direktoru, əməkdar incəsənət xadimi Dilarə xanım Əliyevanı salamlayaraq filarmoniyanın fəaliyyəti bağlı söhbətə başladı. Bu söhbət əsnasında Dilarə xanım 1991-ci ildən fəaliyyət göstərən Uşaq Filarmoniyasının ölkəmizdə və həmçinin xaricdə baş tutan festivallarda əldə etdikləri uğurlardan geniş məlumat verdi. O, qeyd etdi ki, onlar milli musiqimizi, muğamlarımızı layiqincə təqdim edirlər. Dilarə xanım həmçinin uşaqların incəsənətlə məşğul olmasının vacibliyini də vurğulayaraq incəsənətlə təmasda olan uşaqların dünyaya tamam fərqli gözlə baxdıqlarını da söylədi. Filarmoniyanın nəzdində fəaliyyət göstərən kollektivləri sadalayan Dilarə xanım “Şəms Uşaq Xoru”nun kiçik qrupunun xormeysteri Leyla Muradzadəni və Elşad Rəhimzadəni təqdim etdi. Daha sonra yenə də rəqs ifa olundu. Bu dəfə isə 4 qızdan ibarət “Neopolitan” rəqsi tamaşaçıların ixtiyarına buraxıldı. Rəqsdən sonra Dilarə xanımın təşəbbüsü yaradılan və artıq 2 ildir ki, fəaliyyət göstərən Uşaq Musiqili Teatrının rəhbəri Elşad Rəhimzadə bu iki il ərzində hazırladıqları teatr tamaşasından söhbət açıb. Bu musiqili teatrın fəaliyyətinin uşaqların dünya görüşünün , formalaşmasında mühüm rol oynadığını vurlayıb. Onların iki il ərzində artıq 3 tamaşa ( “Bremen musiqiçiləri”, “Cırtdanın nağılı”, “Şəngülüm, Şüngülüm, Məngülüm” ) hazırladıqlarını da vurğuladı. Eyni zamanda uşaqların da hazırlanan teatr tamaşalarına çox böyük həvəslə yanaşdığını da söylədi və uşaq teatrından görüntülər də təqdim olundu. Eyni zamanda Filarmoniyanın bukleti, uşaqların əldə etdiyi uğurlarla əlaqədar olaraq təltif olunduqları sertifikatlardan da söhbət açıldı. Daha sonra “Sədəf” xalq çalğı alətləri ansamblının bədii rəhbəri Qönçə Mehdiyevaya söz verildi. O, Uşaq Filarmoniyası yarandığı gündən xalq çalğı alətləri ansamblının fəaliyyət göstərdiyini vurğulayaraq dekabrın 13-də baş tutacaq konsertdən söhbət açdı. Amsamblın tərkibi 30 nəfərdir. Söhbətin ardınca ansamblın nümayəndələrinin çıxışı baş tutdu. Xəllili Ayxanın ifasında İbrahim Topçubaşovun “Dağlarda duman gözəldir” , daha sonra 9 yaşlı Ağayev Kənanın ifasında Azərbaycan Xalq Mahnısı olan “Qoy gülüm gəlsin ay, nənə” mahnısı tamaşaçılara təqdim olundu. Rəqs ansamblının bədii rəhbəri Nigar Zeynalova da öz növbəsində çıxış edərək rəhbərlik etdiyi kollektivin tərkibində 250 uşağın rəqslə məşğul olduğunu , kollektivdə məşğul olan 4 yaşından 15 yaşınadək uşaqlara dərs prosesində səhnə mədəniyyəti, etika, estetikanın aşılandığını qeyd etdi. Çinarə Ələkbərova, Elçin Allahverdiyev, Əlibəndə Əliyev kimi peşəkar müəllimlərin kollektivdə çalışdığını da söylədi. Leyla Muradzadə də “Şəms” Uşaq Xorunun fəaliyyətindən söhbət açaraq 4 yaşından 9 yaşınadək uşaqların bu kapellada oxuduqlarını və çox böyük həvəslə dərslərdə iştirak etdiyini vurğuladı. Elə daha sonra “Şəms” Uşaq Xorunun ifasında “Ana” mahnısı səsləndi. Kamera Ansamblının bədii rəhbəri Nigar Cavadova rəsm dərnəyinin müəllmələri Gilan Əzizxanlı və Leyla Dadaşova da rəhbərlik etdikləri kollektivlər haqqında məlumatlar verdilər. Daha sonra isə kamera orkestrinin ifasında Astor Piazollanın “Libertanqo” əsərini səsləndirdilər. Ardınca “Çarli”, “Şalaxo”, “Karmen” rəqsi, Avar rəqsi, rəqsi təqdim olundu. Proqramın sonuna yaxın aparıcı stüdyanın özündə proqram müddəti boyunca rəsm əsərlərini bitirmiş balaca rəssamlarla da söhbət etdi. Proqram oğlanlar və qızlardan ibarət “Dilşadı” rəqsiylə sona çatdı.