İslam HəmrəylİYİ Oyunları
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kollektivi IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimində iştirak etdi.
12 - 22 may tarixlərində Azərbaycan daha bir önəmli beynəlxalq idman tədbirinə - IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir. Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi haqqında ilk qərar 2013-cü ilin iyulunda İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında qəbul olunub. Açılış mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci xanım, Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva da iştirak etdilər.
Son illər bir çox beynəlxalq yarışlara uğurla ev sahibliyi edən ölkəmiz dünyada artıq idman ölkəsi olaraq tanınmaqdadır. Bununla yanaşı 100-dən çox dünya şöhrətli musiqiçi tərəfindən görkəmli Azərbaycan bəstəkarlarının, o cümlədən Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Niyazinin əsərlərindən səslənən fraqmentlər ölkəmizin zəngin musiqi sərvəti, istedadlı bəstəkarlarının da dünyada tanınmasında bir vasitəçidir.
Belə bir möhtəşəm dövlət tədbirinin bir parçası olmaq Azərbaycan Dövlət Uşaq Filarmoniyasının balaca istedadlarına da nəsib oldu. Artıq sayca üçüncü belə dövlət tədbiridir ki, Azərbaycan Dövlət Uşaq Filarmoniyası da yaxından iştirak edir. Qeyd edək ki, bundan əvvəl birinci “Avropa Oyunları 2015” və “Formula – 1” beynəlxalq yarışlarında uğurla çıxış etmişdirlər.
IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Dilarə Əliyeva qeyd etmişdir ki, uşaqlar üçün belə bir təntənəli yarışlarda iştirak etmək böyük uğur və fəxrdir. Biz də öz növbəmizdə əlimizdən gələni etdik ki, ölkəmizi layiqli təmsil edək.
12 may başlayan IV İslam Həmrəyliyi Oyunları 22 may möhtəşəm bağlanış mərasimi ilə sona çatacaq.