Foto

Azərbaycan Dövlət Uşaq Filarmoniyası

“Məzəlİ Şalı” adlı qala konserti

5 iyun 2018-ci il tarixində Dövlət Uşaq Filarmoniyası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində “Məzəli Şalı” adlı möhtəşəm qala konsert proqramıyla çıxış etdi. Hər il olduğu kimi bu il də təntənəli yekun konserti ilə tədris ilinin sonuna öz nöqtəsini qoydu. Konsert həmçinin Azərbaycan Cumhuriyyətinin yaranmasının 100 illiyinə və 1 iyun uşaqların müdafiə gününə həsr edilmişdi. Proqram bir-birindən maraqlı nömrələrlə zəngin idi. Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnı və rəqsləri ilə yanaşı dünya xalqlarının mahnı və rəqsləri proqramı daha da rəngarəng və maraqları edən məqamlardan biri idi. Bu həm də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının multikultral dəyərlərə hər zaman önəm verdiyinin bir sübutu idi. Konsert proqramında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs ansamblı, “Şəms” uşaq xoru, Uşaq Xor Kapellası çıxış etdi. “Şəms” uşaq xoru və Uşaq Xor Kapellasının bədii rəhbər və dirijoru Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəhbəri Dilarə Əliyevadir. Xorun ifasında səslənən mahnılar öz rəngarəngliyilə seçilirdi. Uşaqların səhnədə özlərini sərbəst aparaması, maraqlı çıxışları tamaşaçıları xüsusilə valeh etdi. Səhnədə bir-birindən rəngarəng, gözəl görünün balacaların geyimləri səsləndirdikləri musiqi nömrələri ilə harmoniya yaradırdılar. Rəqslərin qurulmasında “Folklor” rəqs ansamblının bədii rəhbəri Nigar Zeynalovanın da rolunu qeyd etməmək olmaz. Bu illər ərzində Nigar Zeynalova balacaların səhnə inkişafında, rəqs mədəniyyətinin formalaşmasında əməyi böyükdür. Konsertdə səhnəyə ilk addımlarını atan ən balaca iştirakçıların bu birinci çıxışı tamaşaçıların arasıkəsilməz alqışları ilə müşayiət olundu. 100-dən çox uşağın iştirakı ilə baş tutan tədbirdə həm uşaqların, həm müəllimlərin, həm valideynlərin, həm də tamaşaçıların sevinclərinin həddi-hüdudu yox idi. Konsertin sonunda möhtəşəm final mahnısı ilə iştirakçıların hər biri ardıcıl olaraq səhnəyə çıxdılar. Bununla da Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Məzəli Şalı” adlı qala konserti sona çatdı.

FOTO QALEREYA