MİLLİ MUSİQİ Günü
Milli Musiqi Günü
18 sentyabr Azərbaycanın görkəmli simalarından olan Üzeyir bəy Hacıbəylinin doğum günüdür. Biz onu daha çox bəstəkar, peşəkar musiqimizin banisi kimi tanıyırıq. O, həm də keçən əsrin əvvəllərindəki maarifçi nəslin parlaq nümayəndələrindən biri, mütərəqqi ideyaların, bəşəri dəyərlərin carçısı olan fikir adamı idi. O, Azərbaycana çağdaş mədəniyyətin gəlməsində ən müstəsna xidmət sahibidir. Üzeyir bəy o nadir millət qurucularındandır ki, çağdaş Azərbaycanın – bu yurdun, bu millətin bütün varlığı onun ruhu ilə qaynayıb-qarışıb. İstiqlalımızdan tutmuş mənəviyyatımızın hər səmtinəcən onun izindən nişanə, nurundan işartı, təfəkküründən əks-səda var.
Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salmış, operalar, musiqili komediyalar, marş, kontata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərlərini yazmışdır. Üzeyir bəy Hacıbəyli həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnlərini müəllifi olmuşdur.
Sentyabrın 18-i onun şərəfinə bizdə Musiqi Günüdür. Hər il olduğu kimi bu il də Azərbaycanın mədəniyyət və turizm naziri Əblüfəs Qarayev, Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadə, mədəniyyət və incəsənət xadimləri Milli Musiqi Günü münasibətilə Fəxri Xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər. Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ü. Hacıbəylinin Azərbaycan musiqisinə verdiyi töhfələrdən danışıb, onun irsinin layiqincə qorunduğunu, gördüyü işlərin davam etdirildiyini bildirib: "Üzeyir bəyin adı, xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Onun adını daşıyan və bu il artıq VIII-si keçiriləcək Beynəlxalq Musiqi Festivalı münasibətilə da müxtəlif konsert tədbirləri keçiriləcək. Üzeyir Hacıbəylinin xatirəsi yad ediləcək".
Bəstəkarın məzarı üstündə Azərbaycan Dövlət Filarmoniyasının xor kollektivi Üzeyir Hacıbəylinin əsərlərindən parçalar səsləndirib.
Üzeyir Hacıbəylinin məzarını ziyarət edənlər sırasında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının da kollektivi də var idi. Sonda mərasim iştirakçıları Fəxri Xiyabanda dəfn olunan görkəmli musiqi xadimlərinin məzarları üstünə çiçək dəstləri düzüblər.