Oqtay Zülfüqarovun anadan olmasının 95 illiyinə həsr olunmuş yubiley konserti
Azərbaycan Respublikasının xalq artisti, “Şöhrət” ordenli bəstəkar Oqtay Zülfüqarovun anadan olmasının 95 illiyinə həsr olunmuş yubiley konserti baş tutub. 24 may 2024-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasında ömrünün 60 ilindən çoxunu uşaqlara həsr etmiş bəstəkar Oqtay Zülfüqarovun 95 illiyinə həsr olunmuş xatirə gecəsi baş tutub. Konsertdə giriş sözü bəstəkarın yaxın dostu, professor Vidadi Xəlilov başladı. Vidadi Xəlilov bəstəkar haqqında xatirələrini, söhbətlərini tamaşaçılarla bölüşüb. Saysız hesabsız uşaq mahnılarının müəllifi Oqtay Zülfüqarov ömrünün yarıdan çoxunu uşaqların əhatəsində keçirib. Təsadüfi deyil ki, məhz bu yubiley gecəsi də uşaqların hazırladığı konsert proqramı ilə yadda qalıb. Proqramda bəstəkarın dillər əzbəri olan “Ad günü”, “Vətən”, “Bakı”, “Göyərçin”, “Nənə” və başqa mahnıları Oqtay Zülfüqarovun nəticələri və Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru, “Güləbətin” vokal ansamblı tərəfindən böyük sevgi və həvəslə ifa olunub. Konsertin sonunda bəstəkarın oğlu Əməkdar İncəsənət Xadimi, bəstəkar Cahangir Zülfüqarov belə gözəl proqrama görə Dövlət Uşaq Filarmoniyasının direktoru Əməkdar İncəsənət Xadimi Dilarə Əliyevaya və Uşaq Filarmoniyasının istedadlı balalarına dərin minnətdarlığını bildirib.