"Qırmızı Papaq” tamaşası
Artıq uzun illərdir Azərbaycan Dövlət Uşaq Filarmoniyasının tərkibində fəaliyyət göstərən Musiqili Uşaq Teatrı hər zaman yeni tamaşalarla çıxış etmişlər. Bu günə qədər bir çox tamaşaları uğurla səhnələşdirən Musiqili Uşaq Teatrı bu dəfə Şarl Perronun “Qırmızı Papaq” nağılı ilə öz tamaşaçılarının görüşünə gəldi. Tamaşa 4 mart 2017-ci il saat 19:00-da Megafun əyləncə mərkəzinin “Modern” teatrında baş tutdu. Daim yeniliklərə can atan Musiqili Uşaq Teatrı “Qırmızı papaq” nağılına da sanki yeni nəfəs bəxş etmişdir. Quruluşçu rejissor və senari müəllifi Elşad Rəhimzadəyə məxsus olan tamaşa bir qədər dəyişdirilmiş interpretasiyada təqdim olundu. Tamaşada müasirliklə birlikdə milli yanaşmanı da görmək mümkün idi. Belə ki, tamaşanın personajlarından biri olan “dovşan” obrazında istifadə olunan kəlağayı və ifa etdiyi “Ay lolo” xalq mahnısını misal göstərə bilərik. Eyni zamanda tamaşada rəqs nümunələrinə də geniş yer verilmişdir. İstər personajların geyimi, istərsə də qrimləri hər biri qarşılıqlı olaraq bir-birini tamalayırdı. Tamaşada iştirak edən personajların, “balaca aktyorların” oyununu da xüsusi qeyd etmək lazımdır. Onların öz rollarını böyük həvəslə ifa etmələri tərəddüdsüz təqdirə layiq məqamlardan biridir. Səhnə tərtibatı isə Dilarə xanım Əliyevaya məxsus idi. Tamaşanın dekorasiyasında təbii odun və ağac istifadə olunmuşdur. Tamaşanın quruluşu və səhnə tərtibatı bir-biri ilə harmoniya yaradırdı. Artıq bir neçə tamaşanın səhnə tərtibatı ilə məşğul olan Dilarə xanım hər bir detala xüsusi diqqətlə yanaşmışdır. Belə tamaşalar uşaqların dünya görüşlərinin artmasında əhəmiyyətli rol oynayır. Bu kimi tərbiyəvi tamaşaların səhnələşdirliməsi təbii ki, çox mühümdür.