“QOĞAL” TAMAŞASI NÜMAYİŞ OLUNDU
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən və bir çox tamaşaları ilə böyük uğurlar əldə edən "Musiqili Uşaq Teatrı" 31 may və 1 iyun tarixlərində Gənc Tamaşaçılar Teatrında rus xalq nağılı motivləri əsasında Elşad Rəhimzadənin səhnələşdirdiyi “Qoğal ” adlı nağıl tamaşasını təqdim etdi. Tamaşanın səhnə tərtibatı Dilarə Əliyevaya, musiqisi Cahangir Zülfüqarova, mahnılarının sözləri isə Fikrət Musayevə məxsus idi. Tamaşadakı bütün nağıl personajları özünəməxsusluqları ilə seçilirdilər. Nağılın baş qəhrəmanı olan “Qoğal” tamaşada bir növ refren xarakteri daşıyırdı. Beləki onun rep üslubunda səsləndirdiyi vokal nümunə azyaşlıların marağına səbəb olmuşdu. Lakin bununla bərabər tamaşada nəinki müasirliyi, həmçinin milli koloriti də hiss etmək mümkün idi. Beləki, Nənə və Baba personajlarının geyimlərindəki milli motivlər, o cümlədən kəlağayı, həmçinin Baba obrazının geyimindəki buta elementləri xüsusilə diqqəti cəlb edirdi. Eləcə də tamaşadakı Çoban obrazının milli alətimiz olan tütəklə ifası da qeyd olunmalıdır. Zalda əyləşən uşaqların bu alətin tembriylə bəlkə də elə ilk tanışlıqları bu tamaşada oldu. Bir maraqlı fakt kimi də tamaşanın dekorasiyasında təbii odun və samandan istifadə olunmasını da vurğulamaq lazımdır. Balacaların professional aktyor və aktirsa olmamaqlarına baxmayaraq onlar səhnədə bunu qətiyyən büruzə vermirdilər. Onların çox böyük həvəslə öz rollarını ifa etmələri tərəddüdsüz təqdirə layiq məqamlardan biridir. Tamaşada yalnız vokal nümunələr yox rəqs nümunələri də təqdim olunmuşdu. Onlardan biri də milli rəqslərimizdən biri olan “Çobanlar” rəqsi idi. Bu kimi tərbiyəvi əhəmiyyətli nağılların səhnələşdirilməsi təbii ki, çox mühümdür. Eləcə də bu kimi tamaşalar uşaqların dünya görüşlərinin artmasında əhəmiyyətli rol oynayır.