Yeni ilə həsr olunmuş "Rəngbərəng" adlı rəsm sərgisi
Gerçəkliyin müxtəlif cəhətlərinin estetik surətdə mənimsəyən təsviri sənət dünyanı dərk etmənin bir forması kimi sosial həyatda mühüm rol oynayır və cəmiyyətin ideya tərbiyəsində güclü vasitədir.
Bu baxımdan 25 dekabr 2015-ci il tarixində MegaFun əyləncə mərkəzində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən "Bacarıqlı əllər" adlı rəsm kollektivinin Yeni ilə həsr olunmuş "Rəngbərəng" adlı sərgisi xüsusi diqqətə layiqdir. Sərgidə Uşaq Filarmoniyasının rəssamları Gilan Əzizxanlı və Leyla Dadaşovanın yetirmələri olan İbrahimova Ofeliya, Məmmədova Gülər, Cəfərova Elmira, Qədimova Jalə, Almasova Şəlalə, Həbilova Zeynəb, Səlimova Sahibə, Əliyeva Cahan, Seyidova Məmləkət, Əkbərov Həsən, Bağırova Fatimə və Əminənin daxil olduğu 12 “bacarıqlı əl” iştirak etmişdir. Müxtəlif mövzulara müraciət edən uşaqların fərqli janrlarda akvarel, akril, rəngli karandaş və qarışıq texnika ilə çəkdikləri 70 rəsm əsəri sərgiyə gələn tamaşaçılar tərəfindən heyranlıqla qarşılanmışdır. Uşaqların xəyal dünyaları genişdir. Onlar şəkil çəkərkən, hiss və həyəcanlarını, arzu və istəklərini ifadə etmək üçün imkan tapır, müxtəlif situasiyalara öz münasibətini yenidən qururlar, gerçəkliyi əyani obrazlarla əks etdirirlər.
Uşaq Filarmoniyasının direktoru əməkdar incəsənət xadimi Dilara Əliyeva nümayiş olunan rəsmlərin uşaqların yaradıcılıq dünyasını əks etdirdiyini bildirərək qeyd etmişdir ki, estetik dünyagörüşünün formalaşmasında, istedadın daha tez üzə çıxmasında təsviri sənətin xüsusi rolu vardır və belə sərgilərin keçirilməsi uşaqlara mənəvi stimul verir.
Filarmoniyadakı Musiqili Uşaq Teatrının bədii rəhbəri Elşad Rəhimzadə, tanınmış rəssam İlqar Əkbərov da sərgidə yer almış rəsmlər barədə öz fikirlərini söyləmişlər.
Sərginin sonunda balaca rəssamlara sertifikatlar təqdim edilmişdir.