Rəsm SƏRGİSİ. Jurnal təqdİMATI.
21 oktyabr Azərbaycan Dövlət Uşaq Filarmoniyasında gənc rəssamların əl işlərindən ibarət sərgi keçirildi. Sərgidə Gilan Əzizxanlının tələbələrinin əl işləri təqdim olunmuşdur. Tədbirdə nümayiş olunan rəsm əsərləri Azərbaycan xalq nağılları əsasında çəkilmiş rəsmlər idi. Mövzunun nağıllar əsasında seçilməsi də təsadüfi deyildi. Tədbir zamanı Respublika Prezident yanında Bilik Fondunun sektor müdiri Xatirə xanım Hüseynovanın təşkilatçılığı ilə ərsəyə gəlmiş Azərbaycan xalq nağıllarından və illüstrasiyalardan ibarət “Nağıllar” toplusunun təqdimatı keçirildi. Jurnalda dərc olunan nağıllara çəkilən illüstrasiyaların müəllifləri Azərbaycan Dövlət Uşaq Filarmoniyasının balaca rəssamları idi. Respublika Prezident yanında Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova qonaqları salamlayaraq uşaqlar, gənclər arasında aparılan maarifləndirici işlərdən bəhs etdi. O, qeyd etdi ki, jurnalın həm Azərbaycan, həm də ingilis dilində dərc olunması uşaqların dil biliyinə olan marağının daha da artmasına səbəb olacaq. Jurnal uşaqlar və tələbələrin birgə əməyi nəticəsində ərsəyə gəlmişdir. Belə ki, nağılların ingilis dilinə tərcümə olunması Azərbaycan Dillər Universiteti və Avrasiya Universitetinin tələbələrinə həvalə olunmuşdur. İllüstrasiyaların Azərbaycan Dövlət Uşaq Filarmoniyasının balaca rəssamlarına həvala olunması isə onların timsalında bütün uşaqların gələcək fəaliyyətinə bir təkan olacaq. Xatirə Hüseynova Prezident yanında Bilik Fondunun jurnalın əsrəsəyə gəlməsində böyük zəhmətinə görə 10 rəssama ünvanladığı təşəkkürnamələrini təqdim etdi. Daha sonra isə bu balaca rəssamların yetişməsində böyük əməyi olan Gilan xanım Əzizxanliya söz verildi. O qeyd etdi ki, Perzident yanında Bilik Fondu ilə birgə hazırladığı layihələr arasında bu layihə dördüncüdür. Azərbaycan Dövlət Uşaq Filarmoniyası və Prezident yanında Bilik Fondu birlikdə bir çox uğurlu layihələrə imza atmışdır. Lakin belə bir işin ərsəyə gəlməsi ilkdir. Gilan xanım onu da vurğuladı ki, bu uşaqların yaddaşlarında daim qalacaq bir tarixdi. Belə bir jurnalın davamı da olmalıdır. Sonda isə sərgiyə gələn qonaqlar balaca rəssamların əl işlərinə baxmağa dəvət olundu.