"Sədəf" xalq çalğı alətləri ansamblının konserti keçirildi
14 may 2016-cı il tarixində saat 19:00-da Rəşid Behbudov adına Mahnı teatrının səhnəsində "Sədəf" xalq çalğı alətləri ansamblının konserti keçirildi. Konsertin proqramı kifayət qədər rəngarəng və maraqlı idi. Belə ki, konsertə gələnlər milli musiqimizin, həmçinin muğamın sehirli dünyasına qısa müddətlik də olsa səyahət etmiş oldular. Konsertdə instrumental və vokal intrumental nömrələr bir-birini əvəzləyirdi. V Muğam müsabiqəsinin qalibi Sədəf Buqadovanın, həmçinin Xəlili Ayxan, Ağayev Kənan, Abdullazadə İsanın səsindəki məlahət bütün zalın diqqətini özünə cəlb etmişdi. İnsturmental ifada təqdim olunan “Şalaxo” və “Tərəkəmə” rəqsləri, həmçinin “Niyə yox deyirsən”, “Naz ola bilməz” kimi mahnıların duet şəklində ifası da özünəməxsus idi. Sonda səsləndirilən “Qarabağ şikəstəsi” isə zalda böyük coşğuyla qarşılandı. Konsertin sonunda “Sədəf” xalq çalğı alətləri ansamblının bədii rəhbəri Qönçə Mehdiyeva çıxış edərək konsertə gələnlərə öz təşəkkürlərini bildirdi.