“Şəngülüm, Şüngülüm, Məngülüm” - 2015
“Musiqili Uşaq Teatr”ı Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində filarmoniyanın rəhbəri, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Dilarə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Yarandığı gündən teatra Elşad Rəhimzadə rəhbərlik edir. Artıq 2 ildir ki, fəaliyyət göstərən “Musiqili Uşaq Teatrı” bir sıra uğurlu tamaşalara imza atmışdır. Belə maraqlı tamaşalardan biri də 26 noyabr 2015 -cı il tarixində Abdulla Şaiq adına Kukla teatrının səhnəsində baş tutdu. “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılının motivləri əsasında teatrın rəhbəri Elşad Rəhimzadənin bu dəfə səhnələşdirdiyi “Yeddi keçi balası” nağılını balaca tamaşaçılarına təqdim edən teatr bu dəfə də böyük uğurla çıxış etdi. Səhnə dekorasiyası, fon musiqisi, iştirakçıların qrimləri, geyimləri pərdələr açılan kimi zalda əyləşən balaca tamaşaçıları sanki nağıllar aləminə apardı. İlk olaraq səhnəyə dörd nəfər nağıl söyləyən çıxdı. Nağılın əvvəlini danışmağa başlayan iştirakçılar sözlərini yarımçıq qoyaraq davamına tamaşaçıların özlərinin baxmağını məsləhət gördülər. Bunların ardınca yeddi keçi balasının rəqsi ifa olundu. Rəqsdən sonra balaca çəpişlər öz analarını meşəyə yola salaraq qapını heç kimə açmayacaqlarını söylədilər. Analarını yola saldıqdan sonra balaca çəpişlər müxtəlif oyunlar oynayaraq səhnədə əyləşən tamaşaçıları əyləndirdilər. Xeyli oynadıqdan sonra yorulub yatmaq qərarına gəldilər. Jerar Burjoanın “Ana” mahnısının sədaları altında yuxuya gedən keçi balaları qapının döyülməsinə yuxudan oyandılar. Səhnəyə gələn Canavar və balaları öz rəqsləri ilə balaca tamaşaçıları həm qorxutdular, həm də güldürdülər. Səsini dəyişməyinə baxmayaraq balaca çəpişlər analarının olmadığını bilərək qapını açmırlar. Keçinin gəldiyini görən Canavar qorxaraq qaçıb gizlənir. Sabahı gün Canavar öz geyimini, səsini, baş örtüyünü dəyişir və yenidən çəpişlərin evinə gəlir. Bu dəfə Canavarı tanımayıb qapını açırlar. Canavar isə Şəngülüm və Məngülümü oğurlayıb aparır. Tez tez zalda əyləşən balaca tamaşaçılara müraciət edən Canavar onları da sanki tamaşanın iştirakçısına çevirir. Canavarın evinə qonaq gələn Tülkü balaca çəpişləri orda görür və Canavarın heç bir təklifini qəbul etməyərək Keçiyə demək qərarına gəlir. Bunu bilən Canavar Keçinin gəlişinə hazırlaşır. Növbəti səhnə Tülkünün evində olur. İlk olaraq Tülkülərin rəqsi ifa olunur. Ardınca isə Keçi gələrək balalarının yerini Tülküdən soruşur. Tülkü isə Canavarın evini göstərir. Keçi qərara gəlir ki, Ayının yanına gedib məsləhət alsın. Ayı və balalarının maraqlı mahnısının ardınca səhnədə Keçi görünür. Keçinin buynuzun itiliyən Ayı onu evlərinə yola salır. Keçidən sonra Ayının yanına Canavar gəlir. Canvar da ondan özünə biri əyri, biri düz buynuz düzəltməyini xahiş edir. Sabahı gün Keçi Canavarı duelə çağırır. Uzun mübarizədən sonra Keçi Canavara qalib gələrək onun qarnını yarır və balalarının xilas edir. Balaca Çəpişlər analarına söz verirlər ki, onlar bir daha qapını heç kimə açmayacaqlar. Hamsı birlikdə evlərinə yola düşürlər. Konsertin sonunda isə tamaşanın bütün iştirakçıları təqdim olunaraq səhnəyə çıxırlar. Bununla da tamaşa başa çatır.