Bəstəkar Sərdar Fərəcova həsr olunmuş konsert.
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru bəstəkar Sərdar Fərəcova həsr olunmuş konsertdə çıxış etdi. 8 dekabr Orqan və Kamera zalında Əməkdar İncəsənət Xadimi, Ü.Hacıbəylinin ev muzeyinin direktoru, bəstəkar Sərdar Fərəcovun kamera və vokal musiqisindən ibarət konsert keçirildi. Tədbirin bəstəkarın doğum günü ilə eyni günə təsadüf etməsi gecəyə xüsusi özəllik qatdı. Proqramda bəstəkarın müxtəlif janrlarda yazılmış əsərləri, uşaq mahnıları səsləndi. Bəstəkarın yaradıcılığı kifayət qədər genişdir. Musiqinin bir çox janrlarına müraciət etməsi yaradıcılığına həsr olmuş bu gecənin də maraqlı keçməsinə səbəb oldu. Tədbirdə “Xəzər” universitetinin kamera orkestrının ifasında (bədii rəhbər Zülfiyyə Sadıqova) “Vals” və “Sülh” rəqsi, Fəridə Məmmədovanın ifasında “İki vokal lövhə”, Dövlət Simli Kvartetin ifasında 1 saylı simli kvarteti və başqa əsərləri səsləndi. Tədbirin son nömrəsi isə bəstəkarın uşaqlara həsr olunan mahnıları oldu. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xorunun (bədii rəhbər və dirijor Dilarə Əliyeva) ifasında bəstəkarın dörd – “Aşpazların mahnısı”, “Küpəgirən qarı”, “Dələ” və “Buratino” mahnıları səsləndi. Balacaların parlaq rəqsləri, ifaları, səhnə jestikaları və geyimləri zalda əyləşən tamaşaçıların xüsusi marağına səbəb oldu. Gecənin sonuna rəngarənglik qatan balacalar bəstəkarın uşaq mahnılarını layiqli təbliğ etdilər. Sonda bəstəkar tədbirin təşkilatçılarına, iştirakçılara minnətdarlığını bildirib. Eləcə də Sərdar Fərəcov Dilarə Əliyevaya uşaqların belə maraqlı çıxışlarına görə xüsusi təşəkkürünü bildirdi.