UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ
Cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Daim qayğıya, şəfqətə ehtiyac duyan uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlıca sosial məsuliyyətlərindəndir. Bu mənada 1950-ci il iyunun 1-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər irəli sürülərək qəbul edilmişdir. Həmin tarixdən etibarən dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu tarixlə əlaqədar olaraq ölkəmizdə müxtəlif tədbirlər keçirilir. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının da 2013-cü il iyunun 3-də Rus Dram Teatrında Uşaqların Müdafiəsi Gününə həsr olunmuş konsert tədbiri baş tutdu. Konsertin açılışı nağıl qəhrəmanlarının təqdimatıyla başladı. Cırtdan və Küpəgirən qarı hər kəsi salamlayaraq konserti açıq elan edərək elə ilk ifa olunacaq rəqsin də adını söylədilər. Bu Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən rəqs kollektivinin hazırladığı “Dilşadı” rəqsi idi. Oğlanlar və qızlardan ibarət kollektiv rəqs olan “Dilşadı” ritmikliyi ilə zaldakılara yüksək əhval-ruhiyyə bəxş etdi. Növbəti çıxış gözəl, göyçək qızın çıxışı idi. O, canlı “Brüderchen, komm tanz mit mir” – adlı uşaq alman mahnısını ifa etdi. Ardınca 5 nəfər balaca sözləri Zeynal Cabbarzadəyə, musiqisi Fikrət Amirova xas olan “Qatar” mahnısı ifa etdilər. Maraqlı məqam kimi qeyd etmək lazımdır ki, bu nömrədə uşaqlar mahnının kupletləri arasında qatarın fit səsinin də effektinin də assosasiyasını yaradırdılar. Daha sonra Pinokyo və mavi saçlı Malvina gələrək “Kukaraçi” rəqsini elan etdilər. Növbəti çıxış balaca qızların ifasında təqdim olunan “Brilliant” rəqsi idi. “Türk” rəqsində isə Türkiyənin milli geyimlərində səhnəyə çıxan oğlanlar və qızlar Türkiyə ənənəvi musiqisinin sədaları altında rəqs etdilər. Ardınca tamaşaçılar “Ərəb” rəqsini izlədilər. Fikrət Əmirovun “Reyhan” mahnısının səslənməsi ilə artıq məlum oldu ki, növbəti rəqs “Reyhan” idi. Oğlanların ifasındakı “Ləzginka” rəqsi də xüsusi maraq doğururdu. Qızların “Zəriflik” rəqsi də qəlbləri oxşayan rəqslərdən biri idi. Onların incə hərəkətləri, göz oxşayan milli geyimləri zalda əyləşən tamaşaçılara xoş əhval-ruhiyyə bəxş etdi. Növbəti ifa Göyçək Fatma və Qırmızı Papağın təqdim etdiyi “Çarlı” rəqsi idi. Maraqlı çıxışlardan biri də Kamera Orkestrinin ifasında səslənən hamıya çox yaxşı məlum olan Tofiq Quliyevin “Vals”ı idi. Lirik, həzin Tofiq Quliyev melodikası hər kəsin qəlbini oxşadı. Növbəti dəfə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqi komediyasından “Qızların mahnısı” səsləndi. Konsert proqramı Eldar Mansurovun “Odlar Yurdu” əsərinin sədalarının altında möhtəşəm final rəqsi ilə tamamlandı. Ən sonda nağıl qəhrəmanları səhnəyə gələrək konsertin sona çatdığını elan etdilər.