Uşaqların Müdafiəsi Gününə həsr olunmuş konsert 2015
Uşaqlar bizim gələcəyimizdir. Onları qoruyub, gələcəyə sağlam, savadlı, layiqli övlad olaraq böyütmək hər birimizin borcudur. Bu səbəbdən də Azərbaycan Dövlət Uşaq Filarmoniyası 2016-cı il iyun ayının 1-də saat 19:00-da Uşaqların Müdafiəsi Günü ilə bağlı olaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində konsert proqramı ilə çıxış etdi. Bu həm də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının qala konserti idi. Proqram olduqca zəngin və rəngarəng idi. Üç aya yaxındır ki, bu proqramı hazırlayan Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kollektivi, o cümlədən rəhbərliyi də uşaqlar qədər sevincli və həyəcanlı idi. Səhnə arxasında olan hazırlıq, məşqlər bunu açıq sübut edirdi. Öz balaca dostlarını təbrikə gələn bu balaca istedadlar gözəl çıxışları ilə, maraqlı geyimləri ilə tamaşaçıların zövqünü oxşamağı bacardılar. İlk olaraq səhnəyə ağ libaslı balaca qızlar çıxdı. Onlar geyimləri ilə özlərinin daxili dünyasını, saflığını, təmizliyini tərənnüm edirdilər. Daha sonra ardıcıl olaraq səhnəyə digər rəqs qrupları, xor kollektivi, skripkalardan, nəfəs alətlərindən ibarət kollektiv öz maraqlı çıxışları ilə balaca dostlarını təbrik etdilər. Uşaqların belə gözəl, maraqlı, rəngarəng geyimlərinə görə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəhbəri Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Dilarə Əliyevanın əməyini xüsusi qeyd etmək lazımdır. Dilarə xanım hər bir uşağa fərdi yanaşır, onları xüsusi olaraq hazırlayır. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kiçik yaş qruplarından tutmuş böyük yaş qruplarına qədər hamı bu səhnədə çıxış edirdi. 300-dən çox uşağın iştirakı ilə baş tutan tədbirdə həm uşaqların, həm müəllimlərin, həm valideyinlərin, həm də tamaşaçıların sevinclərinin həddi hüdudu yox idi. Hər bir çox möhtəşəm alqışlarla müşayiət olunurdu. Proqramda həm Azərbaycan rəqs və mahnıları, həm avropa xalqlarının rəqs və mahnıları ifa olundu. Bu da öz növbəsində konsertə rəngarənglik qatırdı. Sonda isə möhtəşəm final mahnısı ilə konsertdə iştirak edən bütün iştirakçılar səhnəyə çıxdılar. Bununla da Azərbaycan Dövət Uşaq Filarmoniyasının 1 iyun uşaqların müdafiəsi gününə həsr olunmuş möhtəşəm qala konserti sona çatdı.