Uşaq Hüquqları və Konvensiya gününə həsr olunmuş konsert proqramı
20 noyabr 2019-cu il tarixində Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Dövlət Uşaq Filarmoniyasının kollektivi Ümumdünya Uşaq Hüquqları və Konvensiya gününə həsr olunmuş “Biz günəşin zərrəsiyik” adlı konsert proqramı ilə çıxış edib. Konsert “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində Daun Sindromlu şəxslərin Reabilitasiya Mərkəzində baş tutdu. Ümumdünya Uşaq Hüquqları gününün məhz hər zaman xüsusi qayğıya, dəstəyə ehtiyac duyan Daun sindromlu uşaqlarla birlikdə keçirilməsi də təsadüfü deyildi. Müəyyən mənada digər uşaqlardan fərqli olsalar da onların da cəmiyyətə inteqrasiya etmələri üçün belə tədbirlərin keçirilməsi vacibdir. Konsertdə Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru, xalq çalğı alətləri şöbəsi, rəqs kollektivi və 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin “Azəri İnciləri” vokal qrupu konsert proqramı ilə çıxış edib. Bir-birindən rəngarəng, zəngin nömrələrlə çıxış edən uşaqlar zalda əyləşən balaca dostlarının da sevincinə səbəb oldular. Tədbirdə Ombudsman Aparatının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də digər qurumların nümayəndələri iştirak edib. Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova Dövlət Uşaq Filarmoniyasının kollektivinə və xüsusiylə də Dilarə xanıma, “Azəri inciləri” vokal qrupuna belə gözəl konsert üçün öz minnətdarlığını bildirdi. Sonda uşaqlara kitablar, “Göy qurşağı” uşaq jurnalı, müxtəlif hədiyyələr təqdim edilib.