Foto

Azərbaycan Dövlət Uşaq Filarmoniyası

Uşaqlardan uşaqlara

Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Uşaqlardan uşaqlara” adlı qala konsert keçirtdi. Hər il olduğu kimi bu il də Azərbaycan Dövlət Uşaq Filarmoniyası möhtəşəm yekun konserti ilə tədris ilinin sonuna öz nöqtəsini qoydu. 7 iyun 2017-ci il tarixində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış edən kollektiv il ərzində öyrəndiklərini tamaşaçılara təqdim etdi. Artıq uzun zamandır ki, bu konsertə hazırlaşan Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kollektivi və rəhbərliyi uşaqlar qədər sevincli və həyəcanlı idi. Səhnə arxasında olan hazırlıq, məşqlər bunu açıq sübut edirdi. Proqram olduqca zəngin və rəngarəng idi. Multikultral dəyərlərə hər zaman xüsusi diqqətlə yanaşan Azərbaycan Dövlət Uşaq Filarmoniyası bu dəfə də ənənəsinə sadiq qalaraq Azərbaycan xalq rəqsləri, Azərbaycan bəstəkar əsərləri ilə yanaşı dünya xalqlarının rəqs və mahnılarına da müraciət etmişdir. Bu dəfəki konsertin həm aparıcıları, həm də iştirakçıları məhz uşaqlar özləri oldular. Proqram Eldar Mansurovun “Azərbaycan süitası” ilə başladı. Səhnəyə ilk olaraq qız və oğlanlardan ibarət rəqs ansamblı çıxdı. Daha sonra isə bir-birinin ardınca konsertin bütün iştirakçıları möhtəşəm çıxışlarını tamaşaçılara təqdim etdi. Qeyd edək ki, konsertdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs ansamblı ilə bərabər “Şəms” uşaq xoru, eləcə də Uşaq Xor Kapellası çıxış edirdi. Kollektivlər öz maraqlı və rəngarəng çıxışları ilə zalda əyləşən tamaşaçıların aramsız alqışlarını qazana bildilər. 200 uşağın iştirakı ilə baş tutan tədbirdə həm uşaqların, həm müəllimlərin, həm valideynlərin, həm də tamaşaçıların sevinclərinin həddi-hüdudu yox idi. Uşaqların çıxışları ilə yanaşı geyimlərini də xüsusi qeyd etmək lazımdır ki, bu mövzuya Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəhbəri Dilarə Əliyeva hər zaman incəliklə yanaşaraq Azərbaycan rəqslərində istifadə olunan geyimlərin ornamentlərindən tutmuş, avropa xalq rəqslərinin kiçik detallarına qədər hər bir elementə xüsusi diqqət yetirmişdir. Hər bir çıxışa uyğun geyim uşaqların bu rəqsləri daha yaxşı hiss etməsinin, qavramasının əsas səbəb idi. Sonda isə möhtəşəm fianl mahnısı ilə konsertdə iştirak edən bütün iştirakçılar ardıcıl olaraq səhnəyə çıxdılar. Bununla da Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Uşaqlardan Uşqlara” adlı qala konserti sona çatdı.

FOTO QALEREYA