Uşaq-Gənclər Xalq Çalğı Alətlərİ Orkestrının Konsertİ
30 yanvar 2016-cı il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 10 illiyinə həsr olunmuş konsert tədbiri keçirildi. Konsertdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq və Gənclər Xalq Çalğı Alətləri Orkestri çıxış etdi. İlk söz üçün səhnəyə orkestrin bədii rəhbəri və baş dirijoru Ağaverdi Paşayev dəvət olundu. Ağaverdi Paşayev orkestr haqqında məlumat verərək qeyd etdi ki, bu kollektiv 7 ildir ki, fəaliyyət göstərir. O cümlədən, orkestr 2009 – cu ilin yanvar ayında Azərbaycanın birinci xanımı ,UNESKO, ISSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaranıb. Həmin ildə ölkəmizdə uşaq kollektivlərinə, uşaqlara xüsusi qayğı göstərilirdi ki, məhz həmin dövrdə ilk dəfə Uşaq Simfonik Orkestri və onun da ardınca Uşaq və Gənclər Xalq Çalğı Alətləri Orkestri yaradıldı. Kollektivin ilk çıxışı Qəbələ şəhərində yeni istifadəyə verilmiş konsert zalının açılışında olmuşdur. Daha sonra isə orkestr Qala kəndində yerləşən tarixi muzeyin açılışında uğurla çıxış etmişdir. Sonrakı 7 il ərzində Azərbaycan Dövlət Opera və Balet teatrında, Azərbaycan Dövlət Filarmoniyasında, Musiqili Komediya teatrında, Rəşid Behbudov adına Mahnı teatrında, Uşaq Filarmoniyasının konsert zalında dəfələrlə konsertlər vermişlər. Həmçinin kollektiv Azərbaycanın bir çox bölgələrində – Qəbələ, Ağdaş, Şamaxı, Şəki, Ağcabədi şəhərində maraqlı konsert proqramları ilə çıxışlar etmişdir. Bu illər ərzində orkestrdə 8 nəfər Prezident Təqaüdünə layiq görülmüşdür, orkestrin 43 üzvü Beynəlxalq müsabiqələr laureatı olmuşdur. Çıxışın sonunda Ağaverdi Paşayev kollektivə bundan da böyük uğurlara imza atmaqlarını arzuladı. Proqram Üzeyir Hacıbəylinin “Cəngi” əsəri ilə açıldı. Orkesrtin möhtəşəm çıxışının ardınca Respublika və Beynəlxalq müsabiqələr laureatı Cahangir Əliyevin (xanəndə) ifasında Səid Rüstəmovun “Oxu tar” mahnısı səsləndi. Balaca Cahangirin ifası axar bulaq kimi dinləyicilərin zövqünü oxşadı. Növbəti ifa orkestrin ifasında Dadaş Dadaşovun “Məzəli rəqs” kompozisiyası oldu. Səhnəyə çıxan Respublika və Beynəlxalq müsabiqələr laureatı Lalə İbrahimova Tofiq Quliyev “Bakı haqqında mahnı” və Səid Rüstəmovun “Alagöz” mahnılarını ifa etdi. Proqrama Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı xarici bəstəkarların əsərlərini daxil etmiş orkestr bu əsərləri də böyük məharətlə ifa etdi. Belə əsərlərdən Jorj Bizenin “Karmen” operasından Uvertüra və V.Motsartın “Rondo”- su oldu. Daha sonra tamaşaçılar yenidən Azərbaycan bəstəkarlarının əsərlərini dinlədi. Bir-birinin ardınca kamançada Zeynəb Mirzəyeva Süleyman Ələsgərovun “Vətənimdir” əsərini, orkestr Əşrəf Abbasovun “Gənclik rəqsi”-ni, Respublika müsabiqələri laureatı Ağaniftulla Məmmədlinin (xanəndə) ifasında “Qızıl üzük” və Hacı Xanməmmədovun “Yaşa Könül” mahnısını, tarda Elvin Süleymanov Qəmbər Hüseynlinin “İlk məhəbbət” əsərini ifa etdilər. Növbəti çıxış Respublika müsabiqəsi laureatı Eltun Cəfərovun ifasında Fikrət Əmirovun “Kor Ərəbin Mahnısı” oldu. Tamaşaçıların zövqünü oxşayan Eltun öz gözəl ifası ilə yadda qalan nömrələrdən biri oldu. Tamaşaçıların alqışları da buna sübut idi. Ardınca Respublika müsabiqələri laureatı Mətin Əbilov (Xanəndə) Hacı Xanməmmədovun “Gözünə qurban” mahnısını, tarda Toğrul Abbasov Vasif Adıgözəlovun “Qərənfil” əsəri ifa etdi. Konsertin sonunda isə orkesrtin ifasında Fikrət Əmirovun ”Min bir gecə” baletindən “Oxatanların rəqsi” səsləndi. Bununla da Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 10 illiyinə həsr olunmuş konsert proqramı başa çatdı.