Dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni ilə həsr olunmuş konsert proqramı
Azərbaycan Dövlət Uşaq Filarmoniyası Dövlət Xor Kapellası ilə birgə çıxış edib. 19 dekabr saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni ilə həsr olunmuş konsert proqramı keçirilib. Konsertdə Xalq artisti, professor Gülbacı İmanovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası və Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru və “Güləbatın” vokal ansamblı çıxış edib. Qeyd edək ki, “Şəms” uşaq xorunun yaradıcısı, bədii rəhbəri və baş dirijoru, Əməkdar İncəsənət Xadimi Dilarə Əliyeva, xormeystrlər Mehdizadə Aysel, Muradzadə Leyla, “Güləbatın” voakl ansamblının rəhbəri isə Aslanova Leyladır. Hər il olduğu kimi bu il də konsert zalda əyləşən tamaşaçılara əsl bayram əhval-ruhiyyəsi yaşadıb. Proqramda bir-birindən maraqlı, dillər əzbəri olan Yeni il mahnıları və “Şəms” uşaq xorunun repertuarında olan bəzi mahnılar səslənib. Balacalar üçün önəmli təcrübə olan çıxışları onların yaddaşında əvəzolunmaz xatirə olaraq qalacaq. Böyük marağa səbəb olan konsert tamaşaçılar tərəfindən xoş təbəssüm və aramsız alqışlarla qarşılanıb.