HƏMRƏYLİK GÜNÜ VƏ YENİ İL KONSERTİ 2017
Cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Uşaqların istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili işində Azərbaycan Dövlət Uşaq Filarmoniyası da yaxından iştirak edir. Elə bu məqsədlə 22 dekabr 2017-ci il tarixi saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının səhnəsində Dövlət Uşaq Filarmoniyası konsert proqramı ilə çıxış etdi. Öz maraqlı çıxışları ilə zalda əyləşən tamaşaçıları qış nağılına aparan balacalar həm sevincli, həm də həyəcanlı idilər. Hər çıxışlarında aramsız alqış səsləri uşaqlar üçün əsl bayram sevinci idi. Bir birindən rəngarəng geyimlər, səhnə dekorasiyası Dövlət Uşaq Filarmoniyasının hər zaman önəm verdiyi məsələlər sırasındadır. Proqram Şaxta babanın çıxışı və R.Hacıyevin “Gənclik” rəqsi ilə başladı. Artıq ənənənə halına çevrilmiş balacaların aparıcılıq qabiliyyəti bu dəfə də tamaşaçıların diqqətindən yan keçmədi. Bu dəfəki konsert proqramında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs ansamblı, “Şəms” uşaq xoru, musiqili uşaq teatrı iştirak etdi. Proqram olduqca zəngin və rəngarəng idi. Multikultral dəyərlərə hər zaman xüsusi diqqətlə yanaşan Azərbaycan Dövlət Uşaq Filarmoniyası bu dəfə də ənənəsinə sadiq qalaraq Azərbaycan xalq rəqsləri, Azərbaycan bəstəkar əsərləri ilə yanaşı dünya xalqlarının rəqs və mahnılarına da müraciət etmişdir. Sonda isə möhtəşəm fianl mahnısı ilə konsertdə iştirak edən 300-ə yaxın iştirakçı ardıcıl olaraq səhnəyə çıxdılar. Bununla da Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Yeni il konserti başa çatdı.