YENİ İL / Azərbaycan Dövlət Musiqili Komediya Teatrı
“Bremen musiqiçilərinin Yeni il şənliyi”
Müzikal dram, xoreqorafiya və opera sənətinin vasitələrinin qarşılıqlı
əlaqələrindən istifadə edilərək yaradılan musiqili-səhnə janrıdır. Müzikalı
bəzən musiqili komediya da adlandırırlar. Burada musiqi, dialoqlar və
mahnılar bir-birini əvəz edir, xoreoqrafiya da eyni zamanda əhəmiyyətli rol
oynayır. Bu janrın yaranmasına operetta, komik opera, vodevil janrları çox
böyük təsir göstərmişdir. Müzikal həm səhnəyə qoyulması baxımından
çətindir, eyni zamanda daha çox madiyyat tələb edən janrdır. İlk muzikal
Nyu-Yorkda 1966-cı ildə səhnəyə qoyulub. Bu muzikal “Black Crook”
adlanırdı. 20-30-cu illərdə yeni Amerika Bəstəkarlarının –Cerom Devid
Kern,Corc Qerşin, Kol Porterin meydana çıxmasıyla müzikl həqiqi mənada
yeni boyalar əldə edir.
Artıq libretto çətinləşməyə başlayır, ritmlərdə caz və reqtaymın təsiri aydın
hiss olunur, mahnılarda tipik amerika musiqi üslubuna xas cəhətlər
meydana çıxır.
Daha sonralar bu janra bir çox bəstəkarlar müraciət edir.
Bu qəbildən olan bəstəkarlar sırasında Gennadi Qladkovu göstərmək olar.
Rus-sovet bəstəkarı olan Gennadi Qladkov bir çox kino və telefilmlərə,
cizgifilmlərinə, müzikallara musiqi bəstələyib. Ona məşhurluğu isə məhz
1969-cu ildə “Bremen Musiqiçiləri” adlı musiqili cizgifilm üzərindəki işi
gətirir. Bu musiqili-fantaziya Qrimm qardaşlarının eyniadlı nağılı əsasında
yaradılıb. Qırx il əvvəl tamaşa ekranlara ilk sovet rok-operası kimi çıxmışdı.
Azərbaycan Dövlət Uşaq Filarmoniyası Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il bayramı münasibətilə balaca tamaşaçıların
görüşünə məhz bu myuzikalı seçmişdilər. “Bremen musiqiçilərinin Yeni il
şənliyi” adlı konsert proqramı dekabrın 22-də Azərbaycan Dövlət Musiqili
Teatrının səhnəsində təqdim olundu. Konsertdə Uşaq Filarmoniyasının
bütün yaradıcı heyəti, rəqs, xor, uşaq musiqili teatrının, vokal qrupunun
kollektivləri iştirak edirdi.Kompozisiya şəklində qurulmuş konsert proqramı
heyvanların həyatından bəhs edən “Bremen musiqiçiləri” nağılı əsasında
hazırlanmışdı. Yaşlanıb, artıq iş qabiliyyətini itirən ulaq sahibi tərəfindən
atılır. Ulaq onunla eyni həyat hekayəsini yaşayan itə, pişiyə, xoruza rast
gəlir. Birlikdə musiqi ilə məşğul olmağa razılıq verən nağıl qəhrəmanları
gözəl həyat arzusu ilə Bremen şəhərinə yola düşürlər. Bremen şəhəri
Almaniyanın əyalətinin payatxtıdır. Yolda müxtəlif çətinliklərdən,
maneələrdən keçməli olan personajların yolu meşədən düşür. Burada
quldurlara rast gəlirlər. Quldurlara qalib gələn musiqiçi dostlar sonda öz
istəklərinə çataraq yaratdıqları ansamblda musiqi ilə məşğul olurlar.
Proqrama milli nağıl qəhrəmanımız olan Cırtdan da var idi. Belə ki,divlərə
qalib gələn Cırtdan səhnədə görünür, o, əvvəlcəhər kəsi salamlayaraq
Azərbaycandan salamlar gətirdiyini qeyd edir. Daha sonra şeir deyir :
“Vətənimi çox sevirəm, anam kimi əzizdir.
Anama və vətənə məhəbbətim dənizdir.
Qorumasaq vətəni qalarıq biz vətənsiz.
Yuvasız bir quş kimi ölərik biz vətənsiz.”
Ardınca nağaraların canlı müşayiətində tamaşaçılara ovçulardan və
ceyranlardan ibarət rəqs təqdim olundu. Paqanininin 24 Nömrəli
Kaprisinin sədaları altında təqdim olunan rəqsdən sonra Şaxta Babalar və
Qar qızdan ibarət kvartet səhnədə öz çıxışlarını edirlər.
Maraqlı səhnə geyimləriylə balacalar nağıl qəhrəmanlarını məharətlə
oynayaraq öz kiçik dostlarına bayram hədiyyələrini etdilər. Filarmoniyanın
rəqs, xor və vokal qrupunun çıxışları konsertə rəng qatdı. Sonda bütün
iştirakçılar Qara Qarayevin “Yeddi gözəl” baletindən Valsın sədaları altında
səhnəyə çıxdılar, Şaxta Baba bir daha hər kəsin yeni ilini təbrik etdi,
Musiqili Teatrın səhnəsində əsl bayram ab-havası yaşandı.