YENİ İL KONSERTİ 2015
Dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrilən Yeni il Azərbaycanda da insanların məişətinə daxil olub, xüsusilə uşaqların ən sevdiyi bayramlardan birinə çevrilib. Məhz bu bayramla əlaqədar olaraq hər il şəhərimizin müxtəlif konsert salonlarında uşaqlar üçün tədbirlər təşkil olunur. Bu konsertlərdən biri də dekabr ayının 21-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Gənc Tamaşaçılar Teatrında baş tutan "Yeni il" konserti idi.
Konsert başlamazdan əvvəl salonda əyləşən tamaşaçılarda yeni il əhval-ruhiyyəsini görmək mümkün idi. Uşaqların sevinci gözlərindən oxunurdu.
Və budur. Səhnənin pərdələri 1857-ci ilin payızında James Lord Pierpont tərəfindən yazılan və "One Horse Open Sleigh" adı ilə çap olunan , Yeni İl bayramının ənənəvi mahnılarından birinə çevrilən, əslində "Jingle Bells" deyə tanıdığımız mahnıyla açılır. Bu mahnı bütün konsert boyu nömrələr arasında səslənərək sanki antrakt rolunu oynayırdı. Konserti Yeni il bayramının ən mühüm personajı olan Şaxta Baba aparırdı. Qırmızı əbalı və uzun ağ saqqalı Şaxta Baba səhnəyə gələrək zalda əyləşən dinləyiciləri salamladı və onları qarşıdan gələn "Yeni İl" və Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə təbrik etdi. Şaxta Baba səhnədə tək deyildi. Onu hər dəfə müxtəlif nağıl qəhrəmanları müşayiət edərək öz arzularını tamaşaçılara təqdim edirdilər. Bu nağıl qəhrəmanlarından ilk olaraq Cırtdan ( Vəliyev Murad) və Göyçək Fatma ( Vəliyeva Sevinc) öz arzularını söylədilər. Belə ki, Cırtdan Yeni İlin hər birimizin üzünə təbəssüm , Göyçək Fatma isə vətənimiz Azərbaycana bol ruzi, bərəkət, sülh və əmin-amanlıq gətirməsini arzu etdi. Daha Sonra Şaxta Baba "Sevincim" rəqsini elan etdi. Milli geyimlərdə səhnəyə əvvəlcə oğlanlar daha sonra qızlar çıxdılar. Ritmik kütləvi rəqs kimi təşkil olunan "Sevincim" adlı rəqs kompozisiyası zalda əyləşənlərə çox xoş təssürat bağışladı.
İkinci nömrəni Arlekino ilə İgidlər (Allahverdiyev İbrahim, Məmmədov Toğrul, İbrahimov Nicat) təqdim etdi. Çünki bu onların hədiyyəsi idi. Ritmik "İgidlər" rəqsi şux qamətli 10 nəfər oğlandan ibarət kompozisiya idi. Bu rəqsdən sonra Şaxta Baba hamımızın çox yaxşı bildiyi "Pıspısa xanım və Siçan bəy" filmində (1974) Tıq-Tıq xanım və Siçan bəyin toy səhnəsində istifadə olunan "Nəlbəki" rəqsini təqdim edir. Əllərində nəlbəkilərlə səhnədə rəqs edən bənövşəyi rəngli milli geyimlərdəki balaca qızlar bu rəqsə xas olan bütün ritm naxışlarını, motivlərin gözəl melizmlərlə dolu zənginliyini xüsusi ustalıqla çatdırırdılar.
Nəlbəki rəqsindən sonra Mikki və Mini Mouse eləcə də Qırmızı Papaq ( Rzayeva Gülər, Aslanov Səyyad, Qəmbərli Fidan ) səhnəyə gəldilər. Bu nağıl qərəmanları Şaxta Babaya onun yolunu 1 il səbirsizliklə gözlədiklərini və Şaxta babaya çoxlu şeirlər , mahnılar hazırladıqlarını söylədilər. Daha sonra Kamera Ansablının çıxışını təqdim etdilər. Kamera Ansamblı tanınmış isveç qrupu olan "ABBA"-nın 1980-cı ildəki "Super Trouper" albomundan məşhur «Happy New Year» adlı mahnını ifa etdilər. Ardınca Sıçan, Böyük Canavar, Kavboy (Qədirova Lətifə, Muradov Yunis, Bağırov Həsənağa, Əbdüləhədov Vasif) da Şaxta Babaya öz diləklərini söylədikdən sonra görkəmli rus bəstəkarı Dmitri Şostakoviçin hamıya çox yaxşı məlum olan Estrada orkestri üçün yazılmış 8 hissəli süitasının məşhur 6-cı hissəsi yəni 2 nömrəli Valsının sədaları altında səhnəyə qızlardan ibarət rəqs qrupu çıxdı. Musiqi və məzmunu ilə bağlı olaraq zərif əl hərəkətləri, incə yerişlə müşayiət olunan rəqs hər kəs tərəfindən çox xoş qarşılandı. Daha sonra bir-birinin ardınca Uşaq Xor Kapellasının ifasında " We Are Here Together" mahnısı , "Kavboy", "Acar" , "Dəsmalı", "Yol", "Şən polka" rəqsləri təqdim olundu. Maraqlı məqamlardan biri də səhnədə Şaxta Baba geyimli oğlanla balaca Cəmil Rüstəmovun əvvəlcə bərabər break-dance , daha sonra isə balacanın Micheal Jaksonun "Moonwalk" rəqsini elə ifaçının Billie Jean mahnısının sədaları altında ifa etməsi idi. Daha sonra “Şəms” uşaq xorunun ifasında səslənən Vladimir Şainskinin "Çunqa-Çanqa" mahnısı da xüsusilə seçilirdi. Konsertin sonunda isə müxtəlif xalqların "Fin", "İtalyan", "Çin" rəqsləri təqdim olundu. Həmin xalqların geyimlərində səhnəyə çıxan uşaqlar eyni zamanda o xalqların musiqi sədaları altında maraqlı rəqs kompozisiyaları da təqdim etdilər. Sonuncu rəqslərində balaca "Qar dənəcikləri" səhnəyə gələrək qarın yağmasını incəliklə əks etdirdilər. Finalda isə bütün iştirakçılar növbəylə səhnəyə çıxaraq birlikdə rəqs etdilər.