Foto

Azərbaycan Dövlət Uşaq Filarmoniyası

Həmrəylİk Günü və Yenİ İl bayramına həsr olunmuş konsert.

20 dekabr Azərbaycan Dövlət Uşaq Filarmoniyası Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində “Yeni il” adlı konsert tədbiri keçirtdi. Uşaq Filarmoniyasının gənc istedadları bir-birindən maraqlı çıxışları, rəngarəng, geniş konsert proqramı ilə bu dəfə də tamaşaçıların diqqətini cəlb edə bildilər. Qeyd edək ki, konsert tədbiri həmçinin Azərbaycan Dövlət Uşaq Filarmoniyasının 25 illik yubileyinə də həsr olunmuşdu. 25 ildir ki, fəaliyyət göstərən Azərbaycan Dövlət Uşaq Filarmoniyası uşaqların gələcək inkişafında, baxışlarının formalaşmasında, onların təlim və tərbiyəsində dayanmadan, həvəslə çalışır. Burda onlar Azərbaycan xalq rəqslərini, dünya xalq rəqslərini, xalq mahnılarını, bayatıları, muğamları öz müəllimlərindən sevə sevə öyrənir, mədəni irsimizi qoruyub, gələcək nəsillərə çatdırmağa çalışırlar. Bu illər ərzində bir sıra uğurlu layihələrə imza atan filarmoniya kollektivi və rəhbərlik bu dəfəki konsert proqramına da xüsusi hazırlaşmışdırlar. İstər səhnə dekoru, istər uşaqların geyimləri və səhnə qrimi Dilarə xanım Əliyevanın bu işə olan sevgisindən xəbər verirdi. Çıxışlarında uşaqlarla bir sevinən, onlarla bir həyəcanlanan Uşaq Filarmoniyasının kollektivi hər zaman olduğu kimi bu dəfə də öz işlərinin öhtəsindən layiqincə gəlməyi bacardılar. Uşaq Filarmoniyasının demək olar ki, bütün üzvləri - rəqs kollektivi, Uşaq Xor Kapellası, “Şəms” uşaq xoru və uşaq teatrının istedadlı üzvləri balaca dostlarının Yeni il və Dünya Azərbaycanlıların Həmrəylik gününü təbrik etmək üçün gəlmişdirlər. Proqramda Azərbaycan xalq rəqsləri, bəstəkar mahnıları ilə yanaşı, dünya xalqlarının rəqsləri, dillər əzbəri olan “yeni il” mahnılar yer almışdır. Hər çıxışları böyük marağa səbəb olan balaca istedadların sevinclərinin həddi-hüdudu yox idi. Proqramın sonlarına yaxın hər kəsin əzbər bildiyi, məhşur “Jingle Bells” mahnısı ifa olundu. Mahnının sədaları altında bütün kollektivlər, eləcə də şənliyin əsas qəhrəmanı olan Şaxta baba səhnəyə çıxaraq zalda əyləşən tamaşaçıların 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik gününü və Yeni il münasibəti ilə təbrik etdi. Sonda isə rəqs kollektivinin ifasında möhtəşəm, əzəmətli “Cəngi” rəqsi səsləndi. Bununla da Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Yeni İl” adlı konsert tədbiri sona çatdı.

FOTO QALEREYA