Şanlı Qələbəmizin birinci ildönümü münasibətilə "Zəfər tədbiri"
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 6-sı Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Şanlı Qələbəmizin birinci ildönümü münasibətilə Zəfər tədbiri keçirilib. Qələbəmizin təminatçıları – şəhid və qazilərimizin övladları üçün nəzərdə tutulan konsert proqramı Dövlət Himnimizin səslənməsi ilə başlayıb. Daha sonra bir-birinin ardınca Dövlət Uşaq Filarmoniyasının “Sədəf” xalq çalğı alətləri ansamblı, “Şəms” uşaq xoru, Musiqili uşaq teatrı, vokal və gitara siniflərinin şagirdləri iştirak etdilər. Uzun müddət səhnədən ayrı düşən balaca istedadlar belə qürurlu, şanlı bir tarixi gün səbəbilə səhnəyə çıxdıqları üçün sevincli, bir o qədər də həyəcanlı idilər. Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar incəsənət xadimi Dilarə Əliyeva qeyd edib ki, bu dəfəki konsertin proqramı xüsusi diqqət, sevgi və həssaslıqla seçilib, hazırlanıb. Çünki bu günlər bizim qürur tariximizin ildönümüdür. Biz haqq savaşında qalib gəlmiş xalqıq. Ali Baş Komandanımız İlham Əliyevin uğurlu siyasəti, Müzəffər Ordumuzun şücaəti və şəhidlərimizin tökdükləri qan sayəsində bütöv Azərbaycana qovuşmuşuq. Bəlkə də Dövlət Uşaq Filarmoniyasının balaca istedadlarının ən çətin və ən məsuliyyətli çıxışı oldu, çünki biz ömrümüzün sonuna kimi şəhidlərimizə, qazilərimizə borcluyuq. Tədbirdə Mədəniyyət Nazirliyinin sektor müdiri Vüqar Hümbətov də iştirak etdi. Konsert proqramı əsasən Azərbaycan bəstəkar və xalq mahnı və rəqslərindən ibarət idi. Sonda “Yaşa, Azərbaycan!” rəqsinin sədaları altında bütün iştirakçılar səhnəyə çıxdılar.